Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 4 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır.
1950-1955-ci illərdə universitetin fakültələri müxtəlif ünvanlarda yerləşən binalarda fəaliyyət göstərirdi. 1955-ci ildən bütün fakültələri əhatə etməklə universitet indiki binasına köçmüşdür. Qərb və şərq memarlığının ən gözəl üslublarını özündə birləşdirən Universitetin yaraşıqlı binasında tələbələrin dərin biliklərə yiyələnməsi üçün hər bir şərait yaradılmışdır.
1975-ci ildə Universitetin bazası əsasında Azərbaycanda iki yeni ali texniki məktəb “İnşaat və Memarlıq Universiteti” və “Gəncə Texnologiya İnstitutu” yaradılmışdır.
1978-ci ildən başlayaraq AzTU-da SSRİ-nin müxtəlif Respublikaları və bir sıra Asiya, Afrika və Latın Amerikası ölkələri üçün kütləvi mütəxəssis hazırlığına başlanmışdır. Həmin dövrlərdə Universitetdə 12000 mindən artıq tələbə təhsil alırdı. 1983-cü ildə tədris-metodiki və elmi-texniki sahələrdə qazandığı nailiyyətlərə görə SSRİ Ali və Xüsusi Orta Təhsil Nazirliyinin keçici bayrağını və birinci dərəcəli pul mükafatını almışdır.
1991-ci ildən universitet indiki Azərbaycan Texniki Universiteti adını daşıyır. Hal-hazırda universitet maşınqayırma, metallurgiya, informatika və komputer texnologiyaları, elektrotexnika, telekommunikasiya, nəqliyyat, mühəndis biznesi və digər sahələrdə 28 istiqamətdə, 70-dək ixtisas üzrə yüksək səviyyəli mütəxəssis və elmi kadrlar hazırlayır.
Universitetdə “Nəqliyyat”, “Elektrotexnika və energetika”, “Radiotexnika və rabitə”, “Metallurgiya”, “Maşınqayırma”, “Avtomatika və kompüter texnikası”, “Texnoloji maşınlar”, “Mühəndis biznesi və menecment”, “Xarici vətəndaşların təhsili” , “Xüsusi Texnika və Texnologiya” fakültələri fəaliyyət göstərir. Bu fakültələrin 46 kafedrasında 600 nəfərdən artıq professor-müəllim heyəti, o cümlədən 68 professor, elmlər doktoru, 332 dosent, elmlər namizədi (PHD) çalışır. Alimlik dərəcəsi almaq üçün 50-dən artıq yerli və xarici ölkə mütəxəssisləri elmi araşdırmalar aparır. Universitetdə texniki elmlərin müxtəlif istiqamətlərində alimlik dərəcəsi verən iki İxtisaslaşdırılmış Elmi Şura fəaliyyət göstərir.
Universitetin elmi nailiyyətləri “Elmi əsərlər” adlı elmi-texniki jurnalda çap olunur. 700 mindən artıq kitab fondu olan universitet kitabxanası və oxu zalları, eləcə də 400-dən artıq fərdi kompüteri olan 20-dək tədris və multimedia zalları, ixtisaslaşdırılmış laboratoriyalar tələbələrə və əməkdaşlara xidmət edir.
Universitet BMT, YUNESKO, TRASEKA və digər Beynəlxalq Təşkilatların müvafiq strukturları, bir çox xarici ölkələrin tanınmış universitetləri ilə sıx əməkdaşlıq edir. Müxtəlif dövrlərdə Universitetdə 40-dan artıq xarici ölkənin vətəndaşları təhsil almış və hazırda təhsil almaqda davam edirlər. Universitetin müasir avadanlıqlarla təchiz edilmiş auditoriya və laboratoriyalarında Boloniya prosesi ilə təsbit edilən kredit sisteminə uyğun tədris planları əsasında müasir elmin və texnikanın problemlərini həll edə biləcək 6000-dən çox tələbə bakalavr və magistr pillələrində təhsil alır. Universitet ölkəmizin iqtisadi məsələlərinin həllində və ictimai həyatında fəal iştirak edir.
Azərbaycan Texniki Universitetinin məzunları dünyanın bir çox ölkələrində sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsində böyük xidmətlər göstərirlər. Onlar zavodlara, nazirliklərə, nəhəng Sənaye komplekslərinə, Dövlət Komitələrinə, iri müəssisələrə uğurla rəhbərlik edirlər. Universitetimizin məzunu 1982-1988-ci illərdə Azərbaycan Respublikasına başçılıq etmiş, 2 məzunu ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasının Baş Naziri, 5 məzunu Baş Nazirin I müavini vəzifəsində çalışmışlar. Hal-hazırda Azərbaycan Respublikasının Baş Nazirinin I müavini və müavini Azərbaycan Texniki Universitetinin məzunlarıdır.
Hiç yorum yok:
Yorum Gönder
Zəhmət olmasa mövzudan kənar rəy yazmayın.!